Axtarış

AZ EN

Haqqında

Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə 1999-cu ildə “Təbiətşünaslıq” fakültəsinin nəzdində “Pediatriya” ixtisasına 25 nəfərlik tələbə qəbulunun aparılması ilə Naxçıvan Dövlət Universitetində ali tibb təhsilinin təməli qoyulmuşdur.

Tibbi mütəxəssislərinin hazırlıq səviy­yəsini yüksəltmək məqsədi ilə 2000-ci ildə 4 mər­təbəli, 35 çarpayılıq xəstəxanası olan tədris-kliniki korpusu “Pediatriya” ixtisası üzrə təhsil alan tələbələrin və pedaqoji kollektivin istifadəsinə verilmişdir.

Universitet Elmi Şurasının ­­­03 iyun 2003-cü il tarixli qərarı ilə Pediatriya ixtisası «Təbiətşünaslıq-tibb» fakültəsinin tərkibindən ayrılaraq müstəqil «Tibb» fakültəsi kimi fəaliyyət göstərməyə başlamışdır.

2007-2008-ci tədris ilindən fakültədə «Tibbi profilaktika» ixtisası üzrə qəbul həyata keçirilməyə başlanmışdır. 2011-2012-ci tədris ilindən səhiyyə sistemində aparılan islahatlarla əlaqədar olaraq respublikamızda “Pediatriya” ixtisası ləğv olunduğundan “Müalicə işi” ixtisası üzrə, 2012-2013-cü tədris ilindən isə “Stomatologiya” və “Əczaçılıq” ixtisasları üzrə kadr hazırlığına başlanılmışdır.

Tibb fakültəsi yarandıqdan sonra elmi potensialının yüksəlməsinə xüsusi diqqət yetirilmiş və ötən dövr ərzində fakültə əməkdaşlarından 2 nəfəri elmlər doktoru, 9 nəfəri isə fəlsəfə doktoru proqramı üzrə elmi iş müdafiə edərək alimlik elmi dərəcə, fakültənin bir sıra əməkdaşı isə professor və dosent elmi adı almışlar. Hal-hazırda fakültədə fəaliyyət göstərən professor-müəllim heyətindən 1 nəfər elmlər doktoru, 15 nəfər isə fəlsəfə doktoru, dosentdir.

Fakültənin maddi-texniki bazasını daha da möhkəmləndirmək və təhsilin keyfiyyətini yüksəltmək məqsədilə 2015-ci ilin may ayında universitetdə üç mərtəbəli kliniki xəstəxana istifadəyə verilmişdir. Universitet xəstəxanası müxtəlif xəstəliklərin müayinə və müalicəsi üçün ixtisaslaşmaqla yanaşı, tələbələrin universitet ərazisində praktiki dərslərinin keçirilməsi üçün əlverişli imkanlar yaratmışdır.

Fakültənin yaradılmasının 20-ci ildönümündə, yəni 14 iyun 2019-cu il tarixdə, müasir standartlara cavab verən və son texnologiyalarla təmin olunan yeni fakültə binası kollektivin istifadəsinə verilmişdir. Yeni tədris korpusu müasir standartlara cavab verən avadanlıqlarla (müxtəlif simulyatorlar, 3D Vived anatomiya dəsti, sintetik kadavra, diş fantom dəsti və s.), kabinə və laboratoriyalarla təchiz edilmiş, müasir memarlıq üslubunda, geniş foyelər, işıqlı auditoriyalar yaradılmışdır.

Universitetin beynəlxalq əlaqələrinin yüksək səviyyədə qurulmasının nəticəsi olaraq, hazırda fakültədə 900-dən artıq tələbə təhsil alır ki, bunlardan 500-dən çoxu nəfəri xarici ölkə vətəndaşıdır.

Tələbələr ixtisaslarının profillərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının müvafiq xəstəxana­larından baza xəstəxanası kimi istifadə edir. Kliniki dərslərinin əksəriyyətinin xəstəxanalarda, bilavasitə xəstələr üzərində keçmələri üçün lazımi şərait yaradılmışdır. Eyni zamanda Respublika Xəstəxanasında əməliyyatları auditoriyalarda canlı izləmək üçün müvafiq qurğular qurulmuşdur.

2012-ci ildən Tibb fakültəsinin nəzdində rezidentura təhsil pilləsi üzrə həkim-rezident hazırlığına başlanmışdır. Bu günədək rezidentura təhsil pilləsi üzrə 50-dək həkim-rezident məzun olmuşdur. Hal-hazırda rezidentura pilləsində 24 ixtisas üzrə təhsil alan 52 həkim-rezident də muxtar respublikanın bir sıra xəstəxanalarından tədris-klinik baza kimi istifadə edirlər.

Naxçıvan Dövlət Universitetin tibb fakültəsindən Azərbaycan və Naxçıvan Muxtar Respublikasının Səhiyyə sisteminə bu günədək 600-dən çox həkim məzun verilmişdir.

Tibb fakültəsinin məzunları istər ölkə daxilində istərsə də xaricdə uğurla fəliyyət göstərməkdədirlər. Məzunlardan bir çoxu hal-hazırda Almaniya, İspaniya, Hollandiya, ABŞ, Nigeriya, Türkiyə, İran, Kipr, Gürcüstan və b. xarici ölkələrdə çalışır və ya təhsillərini davam etdirirlər.

Tibb fakültəsindən bugünədək məzun olan həkimlərin 150-dən çoxu hazırda muxtar respublikanın səhiyyə müəssisələrində çalışmaqdadırlar. Məzunlardan 12 nəfəri müxtəlif xəstəxanalarda baş həkim kimi fəaliyyət göstərir. Eyni zamanda məzunlardan 4 nəfəri tibb üzrə fəlsəfə doktorudur.

Tibb fakültəsinin qonşu Türkiyə Cümhu­riyyətinin bir sıra Universitetləri ilə uzun illərdir sıx əlaqələri mövcuddur. Buna görə də həmin universitetlərlə istər tədris, istər elmi sahələrdə bir sıra əməkdaşlıqlar, müəllim və tələbə mobilliyi həyata keçirilməkdədir. Hər il tibb fakültəsinin yuxarı kurs tələbələri yay istehsalat təcrübələrinin böyük bir hissəsini Türkiyənin Trabzon, Erzincan, Erzurum, Kayseri, Qars və b. şəhərlərində yerləşən universitetlərin klinikalarında keçirlər.

Yüksək səviyyəli tibbi mütəxəssislərinin hazırlanması məqsədi ilə Azərbaycan Tibb Univer­si­tetinin, Rusiyanın və Türkiyə Cümhuriyyətinin inkişaf etmiş universitetlərinin müxtə­if ixtisaslı tibb kadrları il ərzində dəfələrlə fakültəyə dəvət olmuş, tələbələr üçün mühazi­rələr oxumuş və praktik dərslər keçmişlər.

Hazırda Tibb fakültəsində 6 ixtisas (Tibb, İctimai səhiyyə, Müalicə işi, Tibbi profilaktika, Əczaçılıq, Stomatologiya) üzrə kadr hazırlığı aparılır. 2021/22-ci tədris ili üzrə ilk dəfə olaraq Hərbi tibb ixtisası üzrə kadr hazırlığı həyata keçiriləcəkdir.

Rəhbərlik və Heyət

Şəfiqə Süleymanova

Şəfiqə Süleymanova

Dekan(həvalə)

Tərlan Məhərrəmova

Tərlan Məhərrəmova

Akademik məsləhətçi

Nurlan Səfərov

Nurlan Səfərov

Akademik məsləhətçi

Gülnar Rzayeva

Gülnar Rzayeva

Akademik məsləhətçi

Fidan İsmayılova

Fidan İsmayılova

Akademik məsləhətçi

Ağgül Babayeva Heydər qızı

Ağgül Babayeva Heydər qızı

Kompüter operatoru

Klinik fənlər və hərbi tibb kafedrası

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi nəzdində haliyədə fəaliyyət göstərən “Klinik fənlər və hərbi tibb” kafedrası ali təhsilin bakalavriat pilləsində “Tibbi profilaktika ”, “Müalicə işi”, “Stomatologiya”, “Əczaçılıq ”, “İctimai Səhiyyə”, “Turizm” “Bədən tərbiyəsi” istiqamətləri üzrə əsas aparıcı ixtisas kafedralarından biridir.

Gələcək mütəxəssislərin hazırlığında kafedra 75 müxtəlif fənn üzrə tədris həyata keçirir. Tədris olunan fənlər yüksək ixtisaslı mütəxəssislər tərəfindən tədris olunur. Fənlərin tədrisinin keyfiyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək üçün müasir təlimin müxtəlif texniki vasitələrindən və metodlarından istifadə olunur.

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi yarandığı ilk gündən onun nəzdində “Ümumi təbabət ” kafedrası yaradılmışdır. 2009-2010-cu ildən kafedranın adı dəyişilərək “Ümumi təbabət və klinik fənlər” kafedrası adlandırılmışdır. Daha sonra 2024-cü ildə kafedranın adı dəyişilərək “Klinik fənlər və hərbi tibb” kafedrası olmuşdur. Hal-hazırda həmin kafedrada 15 nəfər professor, müəllim heyəti fəaliyyət göstərir. Bunlardan 1 nəfəri Naxçıvan Muxtar Respublikasının əməkdar həkimi, 6 dosent, 5 nəfər baş müəllim, 4 nəfər müəllimdir.

Naxçıvan Dövlət Universitetinin rektorunun əmri ilə Tibb üzrə fəlsəfə doktoru, dosent Gültəkin Budaq qızı Əliyeva 2018-ci ilin noyabr ayından etibarən “Klini fənlər və hərbi tibb” kafedrasının müdiri təyin edilmiş və hal-hazırda həmin kafedraya rəhbərlik edir.


Stomatologiya kafedrası

Universitet rektorunun 20.05.2020-ci il tarixli 4491 saylı əmri ilə Naxçıvan  Dövlət Universitetinin Tibb fakültəsinin nəzdində “Stomatologiya” kafedrası yaradılmışdır. “Stomatologiya” kafedrası ali təhsilin baza tibb təhsili, bakalavr və rezidentura pillələrində “Stomatologiya”, istiqaməti üzrə əsas aparıcı ixtisas kafedralarından biridir. Hazırda həmin kafedrada  14 nəfər professor , müəllim heyəti fəaliyyət göstərir. Bunlardan 2 nəfəri fəlsəfə doktoru, 1 nəfəri  baş müəllim, 11 nəfəri isə müəllimdir.

Naxçıvan  Dövlət Universitetinin  rektorunun 23.11.2020-ci il tarixli 273 saylı əmri ilə “Stomatologiya” kafedrasının müdiri vəzifəsinə, tibb üzrə fəlsəfə doktoru, baş müəllim  Cəfərov Rauf Mehralı oğlu təyin edilmiş və hal-hazırdada kafedraya rəhbərlik edir.

Gələcək mütəxəsislərin hazırlığında kafedra 26 müxtəlif fənn üzrə tədris həyata keçirir. Fənlər yüksək ixtisaslı mütəxəsislər tərəfindən tədris olunur. Fənlərin tədrisinin keyfiyyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək üçün müasir təlimin müxtəlif texniki vasitələrindən və metodlarından istifadə olunur. Kafedranın nəzdində praktiki dərslərin yüksək səviyyədə təşkili üçün 1 laboratoriya (Stomatoloji texniki laboratoriya) və 1 kabinə (Stomatoloji simulyasiya kabinəsi) mövcuddur. 

Təməl tibb fənləri kafedrası

Təməl tibb fənləri kafedrası 03 iyun 2000-ci ildə yaradılmışdır.

Kafedranın əsasını tibbin baza fənləri (“İnsan anatomiyası”, “Norman fiziologiya”, “Sitologiya, embriologiya, histologiya”, “Tibbi biologiya və genetika”, “Mikrobiologiya”, “Patoloji anatomiya”, “Patoloji fiziologiya” və s.) təşkil edir. Kafedra 12 müəllim və 3 tədrisə köməkçi heyətdən təşkil olunmuşdur.

Mütəxəsislərin hazırlığı kafedra 19 müxtəlif fənnin tədrisi üzrə həyata keçirir. Kafedranın nəzdində praktiki dərslərin yüksək səviyyədə təşkili üçün 3 laboratoriya (Mikrobiologiya, Patologiya, Fiziologiya) və 2 kabinə (Anatomiya, Histologiya) mövcuddu. 

Hüseynova Əzizə Elxan qızı- biologiya üzrə fəlsəfə doktoru kafedraya rəhbərlik edir.

Əczaçılıq və biokimya kafedrası

“Əczaçılıq və biokimya” kafedrası ali təhsilin baza tibb təhsili,bakalavr və magistratura pillələrində“Müalicə işi”, “Tibbi profilaktika”,   “Əczaçılıq”  və “Əczaçılığın texnologiyası” istiqamətləri üzrə əsas aparıcı ixtisas kafedralarından biridir.

Gələcək mütəxəsislərin hazırlığında kafedra 31 müxtəlif fənn üzrə tədris həyata keçirir. Fənlər yüksək ixtisaslı mütəxəsislər tərəfindən tədris olunur. Fənlərin tədrisinin keyfiyyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək üçün müasir təlimin müxtəlif texniki vasitələrindən və metodlarından istifadə olunur.

Hazırda  (Əczaçılıq və biokimya) kafedrasında 13 nəfər professor , müəllim heyəti fəaliyyət göstərir. Bunlardan 1 nəfəri professor, 1 nəfəri dosent,  3 nəfəri biologiya üzrə fəlsəfə doktoru, 3 nəfəri baş müəllim, 5 nəfəri isə müəllimdir.

Naxçıvan  Dövlət Universitetinin  rektorunun 26.11.2016-ci il tarixli 832 saylı əmri ilə “Əczaçılıq və stomatologiya” kafedrasının müdiri vəzifəsinə, pedaqogikaüzrə fəlsəfə doktoru, dosent Məmmədov Bəhruz Qibləli oğlu təyin edilmiş,  hazırda 04.11 2021 ci il tarixli 728 saylı əmr əsasında 2023-cü ilədək biologiya üzrə fəlsəfə doktoru Seyidov Mürsəl Müseyib oğlu kafedraya rəhbərlik edib. Tibb fakültəsinin Elmi Şurasının 29 noyabr 2023-cü il tarixli 11 saylı iclas protokolundan çıxarışa əsasən 29 noyabr 2023-cü il tarixdən “Əczaçılıq və biokimya kafedrası”na tam ştat kafedra müdiri vəzifəsini Rəhimova Surə Əli qızı icra edir.